Fitoterapevt Dr.Elnur Rəhimov - Azerbaycanın ilk fitoterapiya saytı

Bronxial Astma

Baxışlar: 506Şəhrlər: 0
Xəstəliklər

Bronxial astma – xroniki xəstəlik olub, periodik tutmalarla xarakterizə edilir. Astma xəstəliyinin tutmaları ağırlıq dərəcəsinə görə müxtəlif olur. Yüngül öskürmə formasından başlamış həyatı təhlükə altına alan ağır boğucu öskürmə formalarına qədər variasiya edə bilir.

Öskürək tutmalarının başvermə mexanizmi belədir: bronx və bronxiollar daralır, döş qəfəsi sıxılır, tənəffüs çətinləşir. Tənəffüs yollarının selikli qişası ödemləşir və kirpikli epitelin hərəkətinə mane olur. Selikli qişadakı selik ifraz edən vəzilər qıcıqlanır və həddən artıq selik ifraz etməyə başlayır. Nəticədə ağciyərlərdə havanın ventilyasiyası çətinləşir. Zamanla tutmalar daha da ağırlaşır və ağciyər toxumasında geriyədönməyən dəyişikliklərə, ağciyərin xroniki xəstəliklərinə səbəb olur.

Bronxial astma xəstəliyinin müalicəsində istifadə edilən bəzi xalq təbabəti üsulları

  • 1 çay qaşığı adaçayı yarpağı 0,5 litr qaynar suda dəmlənir. 10  dəqiqədən  sonra süzülür və gündə 2-3 stəkan içilir.
  • Andız otu əzilib balla qarışdırılaraq yeyilir.
  • Yarım çay qaşığı nazik şəkildə kəsilmiş andız otu orta ölçülü stəkanda soyuq suya qoyulur və 8-10 saat dəmləndikdən sonra süzülür. Gündə 2-3 stəkan isidilir və isti çay şəklində içilir.
  • 50 q qara çörəkotu yağı 10 q rozmarin yağı ilə qarışdırılır və bu qarışıqdan gündə 2 dəfə yarım çay qaşığı daxilə qəbul olunur.
  • 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər. Belə resept də istifadə etmək olar: 3 xörək qaşığı xırdalanmış təzə yarpaqları 3 xörək qaşığı balla və ya şəkər tozu ilə qarışdıraraq 4 saat bağlı qabda odun üzərində qızdırırlar. Bu şərbətdən gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edirlər.
  • Soğan bal ilə qarışdırılır və gün ərzində yeyilir.
  • Dağ kərəvizi yarpağı südlə birlikdə qaynadılır və içilir. Kətan toxumu isə dəmlənərək bu qarışıqdan sonra içilir.
  • Astma tutması zamanı qabıqlı kartofu  qaynadıb yorğana bürünərək  buxarında nəfəs almaq lazımdır. Təmizlənmiş kartofu da qaynatmaq olar. Bu xəstəliyin müalicəsi zamanı təzə, ya da qurudulmuş  mərcangilə yarpağının və ya meyvəsinin çayından çox miqdarda istifadə etmək məsləhətdir. Tutma səngiyən kimi uzanaraq isti bürünmək lazımdır.
  • Bir xörək qaşığı başinağacı giləmeyvəsini əzib 1 stəkan isti suda qaynadaraq bu qarışığa 1 xörək qaşığı bal əlavə edilir. 20 dəqiqə vam odda qaynadaraq süzülür. Bu qarışığı gün ərzində 1 xörək qaşığı olmaqla 1,5-2 saatdan bir qəbul etmək lazımdır.
  • Astmalı və hipertoniyaya meyilli xəstələr üçün təzə başinağacı giləmeyvəsinin təzə sıxılmış şirəsini gün ərzində 1 xörək qaşığı olmaqla 8 dəfə qəbul etmək məsləhətdir.
  • 100 qram sarımsaq və xardal əzməsinə, 150 qram kərə yağı və 600 qram bal əlavə edib qarışığı isti su hamamında qarışdıra-qarışdıra qaynatmaq, daha sonra isə kip bağlanmış qabda qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Qarışığı yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı qəbul etmək məsləhətdir. Müalicə 2 ay davam edir. Müalicəni 1 aylıq fasilələrlə sağalanadək davam etdirmək lazımdır.
  • 3 diş əzilmiş sarımsağa 5 ədəd qabıqla birlikdə əzilmiş tumsuz limon qatılıb üzərinə 1 litr otaq temperaturunda olan qaynadılmış su əlavə olunur, 5 gün qaranlıq və sərin yerdə saxlanır (periodik olaraq qarışığı silkələmək şərtilə). 5 gündən sonra qarışıq sıxılır və alınmış maye tənzifdən süzülür. Gün ərzində 5 dəfə olmaqla yeməkdən 20 dəq. əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.
  • 400 qr zəncəfil yuyulur və qabıqdan təmizlənilir. Sürtgəcdən keçirildikdən sonra butulkaya yığılıb üzərinə spirt əlavə edilib 14 gün isti və ya gün düşən yerdə sarı rəng alanadək saxlanılır (periodik olaraq qarışığı silkələmək şərtilə). Süzüldükdən sonra gündə 2 dəfə 1 çay qaşığı qarışıq 100 ml su ilə qarışdırılaraq yeməkdən sonra daxilə qəbul edilir.
  • 3 litr südün zərdabı üzərinə 1 stəkan bal və 100 qr xırdalanmış andız kökü əlavə edilib qarışdırılır. Qarışıq gündə 3 dəfə 0,5 stəkan olmaqla yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir.
  • 100 qr bağ gəndalaşının üzərinə 100 ml spirt əlavə edilib 3 gün saxlanılır. Alınmış cövhərdən 30 damcı gündə 3 dəfə içilir.

Başinağacı - Kalina

Baxışlar: 133Şəhrlər: 0
Bitkilər

Adi və ya qırmızı başinağacı

Fəsiləsi – Adoxaceae

Viburnum opulus

Başinağacı bitkisinin 150-dən çox növü məlumdur. Əsasən şimal yarımkürəsində daha geniş yayılmışdır. Bəzi növlərinin meyvələri qida məqsədilə istifadə edildiyi halda, bəzi növləri çiçəklərinə görə dekorasiya məqsədilə yetişdirilir.

Yayılması. Başinağacı bitkisi əsasən şimal yarımkürəsinin mülayim iqlim qurşağında, And dağları ərazisində, Antil adaları və Madaqaskarda geniş yayılmışdır. Əksər növləri kölgəyədavamlıdır. Rütubətə qarşı davamlılığı isə növlərindən asılı olaraq dəyişir.

Botaniki təsviri. Başinağacı bozumtul-qonur qabıqlı həmişəyaşıl kol və ya çox da hündür olmayan kiçik ağac bitkisidir. Sadə yarpaqları suprotiv düzülüşlüdür, kənarları hamar və ya dişlidir. Qış tumurcuqları çılpaq və ya pulcuqlarla örtülü olur. Aktinomorf, bəzən də çəhrayı çiçəkləri ağ və ya çəhrayı rənglərdə olur.

Qara və ya qırmızı rəngli oval, kürəşəkilli meyvələri kənarlardan basılmış çəyirdəyə malikdir, toxumu sarı rəngli olub endospermi ətli və bəzən də qırışlıdır. Meyvələri avqust-sentyabr aylarında yetişir. Onun toxumları 2 il saxlana bilir. Bitki 50 ilə qədər ömür sürür.

Bitki dərman xammalı kimi. Başinağacının meyvələri (Fructus viburni) və oduncağının qabığı (Cortex viburni) dərman xammalı kimi istifadə edilir. Meyvələri tam yetişdikdən sonra toplanır. 60-80 dərəcədə altıaçıqlarda, çardaqlarda qurudulur. Bitkinin qabıqları isə yazda toplanır.

Kimyəvi tərkibi. Başinağacının köklərinin tərkibində efir yağları, triterpenoidlər, vitamin C və K, budaqlarının tərkibində salisin, aşı maddələri vardır. Oduncağının qabığında isə sellüloza, karbohidratlar, pektin, qətran, flobafen, fitosterin, mirisil spirti, liqnin, katexin, skopoletin, eskuletin, eskulin, viburnin qlikozidi və s. maddələri mövcuddur. Yarpaqlarının tərkibində viopuridal, arbutin, furkatin, salisin və s. vardır. Meyvələrinin tərkibində isə bu maddələr vardır: saxaroza, fruktoza, qlükoza, mannoza, izovalerian və sirkə turşuları, karotin, kalium elementi və s.

Tətbiqi. Bitkinin meyvələrindən əldə edilən rəng yunu qırmızı, qabığı isə qaramtıl-yaşıl rəngə boyayır. Başinağacından meliorasiya məqsədilə - torpağı aşınmadan qorumaq üçün istifadə edilir.

Kulinariyada tətbiqi. Meyvələrinin özünəməxsus ətri və acıtəhər dadı (dondurulduqdan sonra bu dad yoxa çıxır) vardır. Meyvələrindən şirə, kisel, şərab, ekstraktlar və s. əldə edilir. Tərkibində pektinin olmasına görə ondan marmeladın hazırlanmasında istifadə edilir. Bitkinin toxumları isə tonuslandırıcı xüsusiyyətə malik olub ondan qəhvəəvəzedici kimi istifadə edilir.

Tibdə tətbiqi. Aprel və may aylarında toplanan oduncaq qabıqları uşaqlıq qanaxmalarının dayandırılmasında, eləcə də ağrılı menstruasiyalarda istifadə edilir. Qabığın tərkibində olan viburnin qlikozidi uşaqlığın tonusunu artıraraq damardaraldıcı təsir yaradır. Bitkinin qabığı...

dəmləmə, ekstrakt şəklində - hemostatik vasitə kimi menorragiya, alqodismenoreya, hemorroy və s.

çıxarış şəklində - hipotenziv və sedativ vasitə kimi nevroz, isteriya, epilepsiya, hipertoniya zamanı.

Xaricə - kataral gingivostomatit, parodontoz zamanı

Yığıntıların tərkibində şəkərli diabet üçün

Damcı və inhalyasiya  şəklində - tonzillit, laringit, traxeobronxit zamanı.

Əvvəllər başinağacı meyvələrinin şirəsi üzdə olan çillərin mülaicəsində xaricə istifadə edilirdi.

Reseptlər.

  • Spirtli çıxarışın hazırlanması – bitkinin oduncaq qabığının tozu ilə spirt 1:1 nisbətində qarışdırılaraq gündə 2-3 dəfə yeməkdən əvvəl 30-40 damcı daxilə qəbul edilir.
  • Skrofulyoz xəstəliyi zamanı bitkinin çiçəklərinin şirəsi uşağın yaşına müvafiq damcıda (uşağın neçə yaşı varsa, o qədər damcı şirə verilir) daxilə qəbul edilir.
  • 100 qr meyvə 5 dəqiqə suda qaynadılıb sürtgəcdən keçirilir və üzərinə 200 qr bal əlavə edilib qarışdırılır. Gündə 1-2 xörək qaşığı 4-5 dəfə daxilə qəbul edilir.

Əks göstəriş. Podaqra, böyrək ağrıları, qanın laxtalanması yüksək olsuğu hallarda bitki istifadə edilə bilməz.

Herpes - uçuqlama

Baxışlar: 23Şəhrlər: 0
Xəstəliklər

Herpes

Herpes – virus mənşəli xəstəlik olub, sadə herpes virusu tərəfindən törədilir. Herpesin 3 tipi müəyyən olunur:

Kəmərləyici herpes (dəmrov) – təbii çiçək viruslarına çox bənzəyən viruslar tərəfindən törədilir. Adətən xəstəliyə ümumi soyuqlama təkan verir. Yoluxma kəmərləyici dəmrovla xəstə insanla və ya virusun daşıyıcısı ilə kontakt zamanı baş verir.

İnfeksiya bir qayda olaraq udlağın selikli qişasında və badamcıqlarda lokallaşır, buradan isə qana keçərək sinir sistemini və dərini zədələyir. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, ümumi nitoksikasiya, qaşınma, səpkilərdir.

Zədələnmə adətən birtərəfli olur, əsasən üz, döş qəfəsi və bel nahiyələrini əhatə edir. Güclü ağrılar əmələ gəlir, ağrı bəzən dözülməyəcək dərəcədə güclü olur, hərəkət və dəriyə toxunan zaman artır. Bir neçə gündən sonra dəridə kiçik ölçülü suluqlu səpkilər əmələ gəlir. Qovuqcuqların içindəki maye əvvəlcə seroz (şəffaf) olur, sonrakı günlərdə isə irinləyir. 4-5-ci günlərdə səpkilərin səthi quruyur, büzüşür və qonur rəngli qartmağa çevrilir. Xəstəlik orta hesabla 7-10 gün, bəzən isə 4-5 həftəyədək davam edir.

Sadə herpes – eyni adlı virus tərəfindən törədilir. Əsasən dərinin, selikli qişaların, mərkəzi sinir sisteminin, hətta daxili orqanların zədələnməsi baş verir. Xəstəliyin gedişi insanın immun sisteminin vəziyyətində asılıdır.

Sadə herpesə bir neçə yolla yoluxmaq olar. İlk növbədə, infeksiya mənbəyi ilə kontakt. Bu həm xəstə insan, həm də virusla çirklənmiş əşyalar ola bilər. Bundan əlavə hava-damcı yolu, virusun daşıyıcısı ilə cinsi əlavə və transplasentar (anadan dölə) yolla da yoluxmaq olar. Sadə herpes virusu orqanizmə daxil olan kimi bütün orqanları zədələməyə başlayır. Orqanizmin maye mühitlərində - qanda, sidikdə, ağız suyunda, spermada, burunun və udlağın seliyində, dölyanı mayedə tapılır. Bu virus xəstəliyi xroniki olub, orqanizmin immuniteti zəiflədikdə (soyuqlama, yorulma, sinir gərginliyi, qrip) aktivləşir.

Virusa yoluxandan xəstəliyin əlamətləri əmələ gələnə qədər 1-26 gün keçir. Müxtəlif əlamətlərlə üzə çıxır, cavan orqanizmdə daha çox ağız boşluğunu, burun-dodaq üçbucağını zədələyir.

Xəstəlik bədən hərarətinin kəskin şəkildə 39-400C-dək artması ilə başlayır. Xəstə halsızlıq, zəiflik hiss edir, əzələlərdə ağrı və iştahanın itməsi kimi əlamətlər meydana çıxır. Eyni zamanda yanağın, damağın selikli qişasında, dodaqlarda, bəzən də burun qanadlarında və dildə duru möhtəviyyatı olan qovuqcuqlar əmələ gəlir. 2-3 gündən sonra qovuqcuqlar partlayır və yaranmış kiçik xoraların üstü qartmaqla örtülür.

Genital herpes – cinsiyyət üzvlərinin xəstəliyidir. Klinik gedişi sadə herpesə çox oxşardır, lakin səpkilərin yerləşmə yerinə görə fərqlənir. Herpesin bu növü əsasən sidik-cinsiyyət üzvlərini və anal dəlik nahiyəsini əhatə edir.

Herpesin xalq təbabəti üsulları ilə müalicəsi

Bitki şirələri ilə müalicə:

Əzvay (aloye) şirəsi:

Əzvay şirəsi güclü immunostimulyator olduğundan virus xəstəliklərinin müalicəsində yaxşı effekt verir. Gündə 3 dəfə bir çay qaşığından yeməkdən əvvəl qəbul edilir. Və yaxud şirə ilə səpkili nahiyələr gün ərzində 2-3 dəfə silinir.

Herpetik səpkiləri silmək üçün ağcaqovaq şirəsindən də istifadə etmək olar.

Adaçayı dəmləməsi:

Adaçayı bitkisi salvin adlanan təbii antibiotiklə zəngindir, buna görə də yerli sitifadədə çox güclü antimikrob təsir göstərir.

1 xörək qaşığı adaçayı yarpaqları 250 ml qaynaq suda 30 dəqiqə müddətində dəmlənir, süzülür. Gündə 4-5 dəfə ağız boşlüğü yaxalanır.

Tozağacı tumurcuqlarının dəmləməsi:

Tozağacı ağız boşluğunun və udlağın yerli müdafiə qabiliyyətini artırdığı üçün herpesin müalicəsində faydalıdır.

1 xörək qaşığı tozağacı tumurcuqları tənzifə bükülür, üzərinə 200 ml (1 stəkan) qaynar süd əlavə olunur və 5 dəqiqə qaynadılır. İltihab əleyhinə vasitə kimi qarqara üçün istifadə olunur.

Mayaotu ilə yatıqqanqal dəmləməsi:

Hərəsindən bir xörək qaşığı mayaotu qozaları ilə yatıqqanqa otu xırdalanaraq qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürülür, üzərinə 250 mı qaynar su əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə yeməkdən əvvəl isti şəkildə qəbul olunur.

Bal ilə müalicə:

500 ml evkalipt dəmləməsinə 2 xörək qaşığı bal əlavə olunur və həll olanadək qarışdırılır. Alınan məhlulla qarqara edilir və səpkilərin üzərinə çəkilir.

Hamiləlik zamanı düzgün qidalanma

Baxışlar: 10Şəhrlər: 0
Hamiləlik BölümüPəhriz

 

Hamilə qadınların qidalanma rejimi və düzgün qidalanma qaydası

Hər bir hamilə qadın – gələcək ana hamiləlik dövründə düzgün qidalanmanın bətnindəki dölün inkişafı, böyüməsi üçün nə qədər əhəmiyyətli və vacib olduğunu çox yaxşı bilir. Qeyri-düzgün qidalanma hamilə qadının orqanizmində ciddi bir dəyişikliklər yaratmasa da, döl üçün olduqca təhlükəlidir. Əgər siz də gələcək körpənizin sağlam olmasını istəyirsinizsə, onun qeydinə qalırsınızsa, bu haqda oxumağa dəyər.

Gəlin, razılaşaq ki, bizim gündəlik qidalanmamız kifayət qədər monotondur. Lakin burada bir şeyi də nəzərə almaq lazımdır ki, hər zaman hamilə qadınlara qida rasionlarına tam riayət etmələri həmişə mümkün olmur. Məsələn, bizim ulu nənələrimiz hamilə olduqları zaman heç də qida rasionlarına ciddi riayət etmədən istədiklərini yeyiblər və dünyaya gətirdikləri uşaqlar da kifayət qədər sağlam və normal olub. Onda belə bir sula ortaya çıxır – bəs bu qədər əziyyət çəkməyə, özünü məcbur edib tam dəyərli qidalanmağa riayət etməyə nə ehtiyac var? Sadəcə bunun üçün bir neçə arqument göstərək:

Müasir dövrdə aldığınız və yediyiniz qidaları ulu nənələrimizin dövründəki qidalarla müqayisə edin.

Təbiət hər zaman çalışıb ki, döl istənilən şəraitdə bütün vacib maddələrlə təmin edilsin. Bəs bu maddələri döl hardan əldə edib? Təbii ki, böyük kompensator imkanlara malik anadan. Əgər ana da vaxtlı-vaxtında öz orqanizminin “ehtiyat anbarlarını doldurmasa”, onda bu onda yorğunluq, baş ağrıları, baş gicəllənmə, təngnəfəslik, iştaha pozğunluğuna, toksikozlara və s. bu kimi halların yaranmasına səbəb olacaq.

Və nəhayət, əsas məsələ, əgər hamilə qadının öz qidalanması olduqca kasad olarsa, burada hansı sağlamlıqdan və ya sağlam döldən söhbət gedə bilər.

İndi isə həkim məsləhətlərinə baxaq:

İki nəfərin yerinə yeməyin.

Qidalanma vərdişlərini qəfildən dəyişməyin.

Tanışların, rəfiqələrin çoxsaylı məsləhətlərinə əməl etməyə ehtiyac yoxdur.

Könlünüz çəkən qidanı istəməyə utanmayın, bu hətta tabaşir, gil, gips kimi qeyri-ənənəvi qida olsa belə.

Rasionunuzda bütün növ qidaların və balanslaşdırılmış olmasına diqqət yetirin.

Hər qəbul etdiyiniz tikəni 30-50 dəfə çeynəməyə çalışın.

Müntəzəm olaraq bağırsağınızın boş olmasına nəzarət edin.

Hamilələrin qidalanma rejimi:

Hamiləliyin birinci yarısında günə 4 dəfəlik qidalanma nəzərdə tutulur. Səhər yeməyi – 30%, ikinci səhər yeməyi və ya qəlyanaltı – 15%, nahar – 35%, şam – 20% olmalıdır.

Hamiləliyin ikinci yarısında dölün çox sıxılmaması üçün yaxşı olar ki, günə 5-6 dəfəlik az porsiyalarla qidalanmağa keçilsin. Zülalla zəngin olan qidalar səhər və günorta, süd məhsulları və tərəvəzli qidalar isə şam yeməklərində yeyilməlidir.

Vacib qidalanma elementləri.

Kalsium. Bu maddə dölün skelet və dişlərinin formalaşmasında iştirak edir. Buna görə də hamiləlik zamanı kalsiumun qəbulunu iki dəfə artırmaq lazımdır. Əsas kalsium mənbələri bunlardır: süd, kəsmik, kefir, yaşıl tərəvəzlər.
Zülal. Hamiləlik zamanı zülallara olan tələbat da artmış olur. Zülalla zəngin qidalar bunlardır: ət, balıq əti, fındıq, paxlalı tərəvəzlər.
Vitamin C. Plasentanın və ya ciftin möhkəmlənməsinə, orqanizmin müqavimətinin artırılmasına, dəmirin həzm olunmasına kömək edir. Qida məhsullarının termiki emalı zamanı vitamin C-nin böyük bir hissəsi parçalanır. Buna görə də meyvə və tərəvəzləri bişməmiş halda yemək lazımdır.

Sellüloz. Hamiləlik zamanı daha çox rast gəlinən qəbizliyin qarşısını alır. Sellüloz mənbəyi meyvə, tərəvəz və müxtəlif yarmalar hesab edilir. Daha yaxşı olar ki, yarmalardan çox meyvə və tərəvəzlərə üstünlük verilsin, çünki yarmalar digər qidalı maddələrin həzm olunmasına mane olur.
Fol turşusu. Hamiləliyin ilk həftəsində dölün mərkəzi sinir sisteminin formalaşmasında  əvəzedilməzdir. Fol turşusunun mənbəyi təzə göyərti və tərəvəzlər hesab edilir.
Dəmir. Ananın orqanizmində yaranan qan dəmirlə zəngin olmalıdır. Düzdü, heyvan qaraciyəri dəmir mənbəyi kimi əvəzedilməzdir. Lakin tərkibində A vitamini həddən artıq olduğuna görə hamiləlik zamanı istifadəsi məsləhətli deyil.
Duz. Çox duzlu yemək vərdişindən bu dönəmdə əl çəkməli olacaqsınız. Çünki həddən artıq duzlu qida hestozun – ağır formalı ödemlərin yaranmasına səbəb ola bilər.
Maye. Maye qəbulunu azaltmayın.

Un məmulatları – Xüsusilə əla növ undan hazırlanmış məhsulları az istifadə edin.

Ətli qidalar – Kabab və çox qızardılmış ətdən az istifadə edin.

Şorbalar və bulyonlar – Yağlı və toyuq şorbalarından az istifadə edin.

Balıq – Çiy şəkildə olan, duzlu və hisə verilmiş balıq əti, kürü və yengəc ətindən az istifadə edin.

Süd və süd məhsulları – Qaynadılmamış inək südündən, hisə verilmiş pendirdən az istifadə edin.

Yarmalar və paxlalılar – Manna və yulaf  yarmasından, paxlalılar isə allergen olduğuna görə onlardan az istifadə edin.

Yumurta – Günə 2 yumurtadan çox istifadə etməyin.

Meyvə və tərəvəzlər – Allergik reaksiyalara səbəb olan şaftalı, nar, ərik, portağal və qreypfrutdan az istifadə edin.

İçkilər – Tünd çay, kofe, energetik, qazlı içki, pivə və digər spirtli içkilərdən istifadə etmək olmaz.

 

Nümunə üçün 1 həftəlik menyu.

I gün – düyülü blin, pendir, tərəvəzli raqu, vegetarian borşu, süd, ət kotleti, südlü kartof püresi, çay, kök, kompot, meyvələr.

II gün – vineqret, südlü düyü şorbası, xamalı kəsmik, südlü sıyıq, qızardılmış kartof  ilə böfstroqanof, çay, kisel.

III gün – düyü sıyığı, vegetarian borşu, pörtlədilmiş kələm, suxarı, çay, kartof zapekankası, süd, kisel.

IV gün – təzə tərəvəzlərdən ibarət salat, arpa şorbası, qaynadılmış kartof, qaynadılmış yağlı makaron, pendirli buterbrod, süd, sıyıqla birgə qızardılmış balıq, çay və ya kompot.

V gün – omlet, şor xiyar şorbası, düyü pudinqi, süd, vineqret, kartof püresi ilə qaynadılmış ət, çay, kisel.

VI gün – xamalı kəsmik qutabı, kartoflu yaşıl borş, təzə kələmdən oladya, qatıq, sıyıq, yağda qızardılmış çörək, kompot.

VII gün – təzə tərəvəzlərdən ibarət salat, kələmli zapekanka, şəkərli blin, pendirli buterbrod, makaron zapekankası, qatıq, meyvə və kisel.

Hamiləlik ürəkbulanması

Baxışlar: 9Şəhrlər: 0
Hamiləlik Bölümü

Hamiləlik zamanı reflüks

Hamiləlik dövründə bəzi keçici narahatlıqlar olur. Bu zaman yaşanan ən çox narahatlıqlardan biri də reflüksdür. Turş mühitli möhtəviyyatın qida borusuna qayıtması anlayışını verən reflüks problemi olan hamilələr diqqətli olmalıdır. Sinədə yanma hissi və ağızda acı suyun olması kimi hallar meydana çıxır. Təbii ki, bu şikayət hamiləlikdən əvvəl də ola bilər, amma hamiləlik reflüks üçün bir risk faktorudur. Bir çox səbəbə görə əmələ gələ bilən reflüks qida borusuyla mədə arasındakı qapaqcıq təzyiqinin azalmasına əsasən müəyyən olur.

Necə əmələ gəlir?

Qadın cinsiyyət hormonu olan progesteron və estrogen qida borusunun distal  hissəsində yerləşən qapaqcığın təzyiqini aşağı sala biləcək təsirə malikdir. Hamiləlik zamanı reflüks prosesinin əsas səbəbi bu zaman artan progesteron hormonudur. Hamiləlikdə getdikcə dölün böyüməsi ilə əlaqədar qarın boşluğunun təzyiqinin artması və bunun da mədəyə etdiyi təsir nəticəsində şikayətlər daha da artır. Hamilələrin əksəriyyəti bu əlamətlərin ilk və ya ikinci trimestrdə baladığını bildirir. Son üç ayında olan hamilələrin 80%-də bu problemə rast gəlinir. Xüsusilə, hamiləlik zamanı çox sıxıntı yaratsa da reflüks müalicəsi olmayan bir xəstəlik deyil. Reflüks döl üçün bir risk faktoru ola bilməz, amma ananın bundan çox narahat olması aydın seçilir. Hamiləlik zamanı reflükslə üzləşən anaların daha çox təbii vasitələrə meyilli olmaları tövsiyə olunur.
Müalicəsi.

Hamiləlikdə reflüks probleminin müalicəsi çoxlu dərman preparatı qəbul etməməsi üçün antasid təsir göstərə bilən bitkilərlə də həyata keçə bilər. Daha dəqiq qeyd etsək, kəcəvər kökü tərkibindəki kalamin maddəsinin antasid təsirinə görə, zəyərək toxumu tərkibindəki seliyin bürüyücü təsirinə görə, aptek çobanyastığı çiçəyinin spazmolitik təsiri və ağız suyu vəzilərinin ifrazını artırdığına görə reflüksün müalicəsində effektiv nəticə verə bilər. Bunlarla yanaşı cökə çiçəyi tərkibindəki flavonoidlərin hesabına iltihab prosesinin qarşısını alır və regenerasiyanı sürətləndirir. Şirin biyan kökü mədənin selikli qişasını qıcıqlanmadan qoruyur, mühiti dəyişərək turşuluğu azaldır. Razyana meyvəsi isə həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır. Spazmolitik təsir göstərərək bağırsaq ağrılarını və meteorizmi aradan götürür. Bütün bunlar təkrarlanan reflüks nəticəsində reflüks-ezofagitin əmələ gəlməsinin qarşısın almaqda böyük rol oynayır.

 

Məsləhətlər.

Yatan zaman yatağınızın baş tərəfini qaldırın və ya yastığınızın sayını artırın, bu zaman gecə yarana biləcək reflüksü azaltmış olarsınız. Rahat paltarlar geyinin, qarnınızı sıxacaq geyimlərdən uzaq durun. Aşağı əyilən zaman belinizi bükməyin, dizlərinizi bükərək əyilin. Suyu yeməklərlə birlikdə qəbul etməyin, yatmağa 3 saat qalmışa kimi yeməyinizi bitirin. Artıq çəki almaqdan yayının.

 

 

Alkoqolizm - Alkoqol asılılığı

Baxışlar: 7Şəhrlər: 0
XəstəliklərReseptlər


Alkoqolizm – alkoqollu içkilərə qarşı fiziki və psixoloji asılılığın yaranması, daxili orqanların alkoqol zədələnməsi ilə xarakterizə olunan narkotik asılılıqdır. Xarakter xüsusiyyətlərindən biri insanın şəxsiyyətinin deqradasiyasının getməsidir.

Alkoqolizmin səbəbləri

Alkoqolizmin inkişafı spirtli içkilərin qəbul olunma tezliyindən və miqdarından, həmçinin orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Alkoqolizmin yaranmasında əsas rol oynayan xarici faktorlardır. Bunlara – cəmiyyətdə alkoqol qəbulunu müsbət hal kimi qiymətləndirilməsini təmin edən təbliğat, reklamlar, spirtli içkilərin münasib qiyməti və çeşid çoxluğu, həmçinin ayrı-ayrı xalqların milli və mədəni xüsusiyyətləri aiddir. İnsanın ailədə və cəmiyyətdə tərbiyyəsi də bu baxımdan vacib əhəmiyyətə malikdir.

Alkoqolizmin patogenezi

Alkoqolizmin patogenetik mexanizmləri etil spirtinin canlı toxumalara, ələlxüsus da insan orqanizminə təsirləri ilə müəyyənləşir. Belə ki, mərkəzi sinir sistemi səviyyəsində alkoqol narkotik vasitə kimi təsir göstərir, qıcıq qapısının yüksəlməsi və ağrı hissiyyatının azalmasına, həmçinin hərəkət və emosiyalarının xarakterinin dəyişməsinə səbəb olur. Alkoqolun sinir sisteminə təsiri nəticəsində alkoqol asılılığı, abstinent sindrom, içkiyə qarşı münasibətin dəyişməsi kimi əlamətlər meydana çıxır.

Alkoqolun orqanizmdə oksidləşməsi zamanı asetaldehid adlı zəhərli maddə əmələ gəlir. Asetaldehid orqanizmin xroniki intoksikasiyasına səbəb olmaqla yanaşı, damar divarına da toksik təsir göstərir, aterosklerozun inkişafını sürətləndirir, alkoqol hepatitinin və alkoqol ensefalopatiyasının yaranmasına səbəb olur. Bununla yanaşı eritrosit və trombositlərin aqreqasiyasını artıraraq mikrotrombların əmələ gəlməsinə səbəb olur və bütün orqanların mikrosirkulyasiyasını pozur. Alkoqolun xroniki qəbulu mədə və bağırsaqların selikli qişasını atrofiyalaşdırır, sorulma pozulur və avitaminoz yaranır.

Alkoqolizmin mərhələləri

Alkoqolizmin inkişafında prodromal dövr və üç əsas mərhələ ayırd olunur.

Prodromal dövrdə insan spirtli içkiləri “bayramdan-bayrama”, dostları, yoldaşları ilə birlikdə qəbul edir və nadir hallarda huşunu itirənədək içir. Prodrom alkoqolizmə keçməmiş xəstə alkoqolun qəbulundan öz iradəsi hesabına tam imtina edə bilər. Lakin içki qəbulu mütəmadi hal alırsa prodromal dövr bir qayda olaraq alkoqolizmə keçir. Bu da təxminən 6-12 ay müddətində davam edir.

Alkoqolizmin birinci mərhələsində xəstə daim içki qəbul etmək istəyir və bu istəyini çox çətinliklə idarə edir. Alkoqol qəbulu mümkün olmadıqda xəstə içki içmək istədiyini unudur, lakin təkrar qəbul etdikdə onun miqdarına nəzarət edə bilmir. Bu mərhələdə xəstə özünə kritik yanaşa bilmir və öz əyyaşlığına bəraət qazandırmağa çalışır.

İkinci mərhələdə qəbul olunan alkoqola qarşı dözümlülük artır, özünəkontrol biq az da azalır, içkiyə meyillik isə get-gedə artır. Xəstədə alkoqol psixozu və sayıqlamalar əmələ gəlir.

Üçüncü mərhələdə xəstə hər gün alkoqol qəbul edir, dözümlülük isə getdikcə azalır, az miqdarda spirtli içki qəbulu belə sərxoş vəziyyətin yaranmasına səbəb olur. Şəxsiyyətin deqradasiyası və psixikada geridönməz dəyişikliklər gedir. Daxili orqanlar tərəfindən də ağır dəyişikliklər (alkoqol hepatiti, ensefalopatiya) baş verir.

 

Alkoqolizmin xalq təbabəti üsulları ilə müalicəsi üçün bir neçə resept təqdim edirik.

1. Gündə 2 dəfə, səhər və günorta yeməklərindən qabaq qəbul olunan dazıotu dəmləməsi təxminən 10-15 gün ərzində alkoqola qarşı güclü ikrah hissi yaradır. Dəmləmənin hazırlanması üçün 4 xörək qaşığı xırdalanmış otun üzərinə 0,5 litr qaynar su tökülür və 30 dəqiqə müddətində vam odda dəmlənir. Soyuduqdan sonra qəbul edilir.

2. Həcmi 3 litr olan qazanın yarısına qədər təmizlənməmiş yulaf tokülür, üzərinə qazan dolana qədər soyuq su əlavə olunur. Qaynara düşdükdən sonra 30 dəqiqə ərzində qaynadılır və süzülür. Qaynar bişirməyə 100 qr gülümbahar çiçəyi əlavə olunur və 10-12 saat saxladıqdan sonra süzülür. Gündə 3 dəfə 1 stəkandan qəbul edildikdə içkiyə meyillik aradan qalxır.

3. Quru tozağacı odununun üzərinə bol-bol şəkər tozu səpilir və yandırılır. Alovlanmış tonqal söndürülür və xəstə onun tüstüsü ilə nəfəs alır, bundan sonra dərhal bir stəkan araq içilir. Alkoqola qarşı götürməməzlik yaranır.

4. Hərəsindən bir hissə qızılçətir otu, kəklikotu və acı yovşan otu qarışdırılır, qarışıqdan 3 xörək qaşığı götürülür və bir stəkan qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra gündə 4 dəfə bir xörək qaşığından qəbul edilir. Müalicə müddəti 2-3 aydır.

5. 2 xörək qaşığı ayıqulağı yarpaqları bir stəkan qaynar suda 15 dəqiqə qaynadılır. Bir xörək qaşığından gündə 5-6 dəfə qəbul edilir.

6. Avropada alkoqolizmin bal ilə müalicəsi üçün xüsusi metodika hazırlanıb. Metodikaya əsasən axşam yatmazdan qabaq xəstəyə 6 çay qaşığı bal verilir, 20 dəqiqədən sonra təkrar 6 qaşıq, daha 20 dəqiqə keçdikdən sonra da 6 qaşıq bal verilir. Xəstə bir saat ərzində 18 qaşıq bal yeyir. Növbəti gün tezdən prosedur təkrar olunur və ondan sonra xəstəyə səhər yeməyi verilir. Desertə yenə də 4 çay qaşığı bal. Əgər xəstə bu rejimə dözə bilsə, alkoqola qarşı meyillik tamamilə aradan qalxacaq.

Abstinensiya sindromunun aradan qaldırılması üçün reseptlər

1. Maya sarmaşığının qozalarından və nanə yarpağından eyni miqdarda götürülür. Qarışıqdan bir xörək qaşığı bir stəkan qaynar suda bir saat dəmlənir. Qonaqlıqdan əvvəl qəbul edilir.

2. Bir xörək qaşığı acı yovşan otu bir stəkan qaynar suda bir saat müddətində dəmlənir və alkoqol qəbulundan əvvəl qəbul edilir.

3. Spirtli içki qəbulundan sonrakı gün başağrısının qarşısını almaq üçün bir stəkan soyuq suya 20 damcı nanə cövhəri yöküb içmək lazımdır.

4. Eyni məqsədlə limon şirəsi qatılmış su və ya 2-3 damcı naşatır spirti qatılmış soyuq su istifadə oluna bilər.

5. Alkoqol zəhərlənməsi zamanı sabahgülü bişirməsi yaxşı kömək edir. Bu bişirməni hazırlamaq üçün 6-8 ədəd çiçək bir litr suda 3 dəqiqə qaynadılır və suyu süzülür. İkinci dəfə 800 ml qaynar su əlavə olunaraq 6 dəqiqə qaynadılır və süzülür. Alınan bişirmə gündə 3 dəfə bir stəkandan qəbul edilir.

 

Hamiləlikdə ləkələr - hamiləlik maskası

Baxışlar: 7Şəhrlər: 0
Hamiləlik BölümüPəhriz

Hamiləlik maskası

Hamiləliklə birlikdə üzünüzün bəzi hissələrində açıq və tünd rəngli ləkələr əmələ gəlir. Niyə görə və necə əmələ gəlir? Ən əsası bu hal nə vaxt keçib gedəcək?

Hamiləlik maskası kimi məşhurlaşan qəhvəyi rəngdə narahatedici bu görüntü melazma və ya xloazma adlanır. Melazma (yunanca "melas"–tünd, qara deməkdir) və ya xloazma (yunanca "chloazo"– yaşıllaşma, göyərmə deməkdir) – üz və ya bəzən də boyun nahiyəsində qeyi-bərabər yayılmış qazanılma piqmentasiyadır. Melazma zamanı xüsusilə üz və boyun dərisi zədələnir. Orqanizmin selikli qişaları isə heç zaman bu piqmentasiyaya məruz qalmır. Kişilərlə müqayisədə qadınlar melazmadan daha çox əziyyət çəkir. Melazma və ya xloazmanın lokalizasiyasından asılı olaraq 3 klinik forması ayırd edilir:

Sentrofasial piqmentasiya – alnın mərkəzi hissəsi, yanaqlar, üst dodaq, burun və çənə nahiyəsində;

Molyar piqmentasiya – yanaqda azı dişlər səviyyəsində;

Mandibulyar piqmentasiya – isə alt çənənin bucaq nahiyələrində baş verir.

Melazma dərinin kosmetik defekti olub, dəridə özünü qəhvəyi və ya şabalıdı ləkələrlə büruzə verir. Bu ləkələr istənilən insanda, xüsusilə də qadınlarda hamiləliklə əlaqədar hormonal disbalans fonunda, doğuşdan, hormonal kontraseptivlərin qəbulundan sonra yarana bilər, buna görə də melazmanı çox vaxt hamiləlik maskası adlandırırlar. Dərinin bu kosmetik defektinin sağlamlıq üçün heç bir mənfi təsiri yoxdur.

Hamiləliyin 8-ci həftəsindən etibarən hormonal dəyişkənliklə əlaqədar civzələr də meydana gəlir. Hamiləlik zamanı melanotropin maddəsi ilə əlaqədar melanin sintezinin artması hiperpiqmentasiya ilə nəticələnir. Hamiləlik maskası xüsusilə üzdə (əsasən yanaqda), alında, genital sahədə, daha yayılmış şəkildə olmaqla bərabər qollar və bədənin yuxarı nahiyəsində də rast gəlinən yamaq kimi, nizamlı və ya nizamsız dəri rənginin tündləşməsilə görünən bir əlamətdir. Hamiləlik maskası təkcə hamilələrdə rast gəlinən bir əlamət deyil. Hamiləlik zamanı hormonal dəyişiklik fonunda əmələ gəlməklə yanaşı, bu şəkildə hormonal dəyişiklikləri yarada bilən hormonal kontraseptivlər, aybaşının normal keçməsini təmin edən dərmanların istifadəsi, düşüklər (abortlar) kimi əlamətlərdə bu xüsusiyyət nəzərəçarpacaq dərəcədə artır. Bununla yanaşı işıq həssaslığını artıran bəzi dərmanların qəbulu (bəzi antibiotiklər, nevroloji dərmanlar, ağrıkəsicilər), günəşdən əvvəl üzə kosmetik vasitələrin (xüsusilə spirtli və ətirli kosmetik vasitələrin)  istifadəsi də bu ləkələrin yaranmasına şərait yaradır.  70-90% qadında rast gəlinən bu piqment artması doğuşdan sonra aradan qalxır.

Melazmanın yaranmasının əsas səbəbi anadangəlmə ultrasəs şüalanmanın və estrogenlərin stimullaşdırıcı təsirinə qarşı melanositlərin anadangəlmə həssaslığının artmasıdır. Melazma daha çox tünd dərili insanlarda yaranır.

Dəridə qəhvəyi rəngin artması kimi klinik olaraq görülən bu tablonun 3 forması mövcuddur:

Əgər hiperpiqmentasiya  dərinin sadəcə üst təbəqəsinə (epidermis) aiddirsə, buna epidermal tip deyilir.

Əgər hiperpiqmentasiya dərinin sadəcə alt təbəqəsinə (dermis) aiddirsə, buna dermal tip deyilir.

Əgər hiperpiqmentasiya dərinin hər iki təbəqəsinə aiddirsə, buna epidermal-dermal tip deyilir.

Müalicəsi varmı? Müalicə zamanı ilk növbədə qoruyucuların yaz-qış dövründə davamlı və nizamlı istifadəsi faydalıdır. Hamiləlik dövründə kimyəvi günəş qoruyucularının yerinə mineral günəş qoruyucularının istifadəsi daha müvafiqdir və 3-6 ay müddətində istifadəsi önəmlidir. Epidermal tip müalicəyə çox yaxşı cavab verir. Epidermal-dermal tip isə müalicəyə bir qədər çətin tabe olsa da, payız və qış fəsillərində effektiv nəticə almaq olur. Melazmanın standart müalicəsində ferment inhibitorları, depiqmentasiyaedici və ağardıcı agentlər, steroid hormonlar, fototerapiya, ozonoterapiya, antioksidant, iltihab əleyhinə terapiya, pilinqlər, dermabraziya və s.-dən istifadə edilir. Lakin bu üsullar nadir hallarda effekt verə bilir.

Müalicədə istifadə olunan bəzi fitoterapiya üsulları:

Böyürtkən, qaymaqçiçək, qırmızı gül, cökə, əməköməci, gülxətmi və qaymaq. Qeyd olunanların hərəsindən bir az götürülüb bir qabda qarışdırılır. Kifayət qədər həll olduqdan sonra ləkələrin üzərinə yaxılır.

Sürvə yarpağı (adaçayı) və günəbaxan yağının hərəsindən bir az götürülərək bir qabda qarışdırılır. Qarışıq həlməşik kütlə formasına gəldikdən sonra ləkələrin üzərinə sürtülür.

Məsləhətlər: Hamiləlik maskasında ləkələr sadəcə günəşə məruz qalan bölgələrdə daha çox əmələ gəlir. Günəşli havada çox olmaq məsləhət deyil, qoruyucu kremlərdən istifadə etmək mütləqdir. Hamiləlik maskasındakı ləkələr doğuşdan sonra keçə bildiyi kimi, bəzən illərlə, hətta ömür boyu da davam edə bilir. Doğuşdan sonra ləkələr keçmirsə, dermatoloji müayinə vacib sayılır. Həssaslıq yaradan kosmetik vasitələrdən yayınmaq lazımdır, özbaşına tünd rəngli ləkələri yox etmək üçün hansısa bir dərman vasitəsindən istifadə etmək düzgün sayılmır.

Ən yaxşısı isə dərinin gigiyena qaydalarına və qida rasionuna əməl etməkdir.